Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasına dünyanın 167 ölkəsindən 508,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz azalma deməkdir.
Əcnəbilərin 24,7 faizi Rusiya Federasiyasından, 18,3 faizi Türkiyədən, 10,8 faizi Hindistandan, 9,8 faizi İrandan, 5 faizi Gürcüstandan, 3,6 faizi Qazaxıstandan, 2,7 faizi Pakistandan, hər birindən 2,1 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından, 1,8 faizi Özbəkistandan, 1,7 faizi Çindən, 1,5 faizi Türkmənistan, Ukrayna və İsraildən, 1,2 faizi Küveytdən, 1,0 faizi isə Belarusiya vətəndaşlarından ibarət olub. Gələnlərin 10,7 faizi isə digər ölkələrin vətəndaşları təşkil edib.
Səfər edənlərin 71,6 faizini kişilər, 28,4 faizini qadınlar təşkil edib. Ən çox artım İsraildən gələnlərin sayında (4 dəfə), həmçinin Tacikistan (2 dəfə), Çin (1,8 dəfə), İordaniya və İspaniyadan (hər biri 1,6 dəfə) müşahidə olunub. Hindistandan gələnlərin sayı 47,6 faiz, Qırğızıstandan 32,6 faiz, Yaponiyadan 26,5 faiz, Misirdən 25 faiz, ABŞ-dan 17,3 faiz, Kanadadan 15,2 faiz, Niderlanddan 12,2 faiz, Pakistandan isə 11,5 faiz artıb.
Əvəzində, Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 7,8 faiz azalaraq 17,1 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 9,3 faiz azalaraq 82,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 10,7 faiz azalaraq 170,6 min nəfər olub. Digər ölkələrdən gələnlərin sayı isə əksinə olaraq 11,8 faiz artaraq 237,5 min nəfərə çatıb.
Gələnlərin 69,9 faizi hava nəqliyyatından, 28,4 faizi dəmir yolu və avtomobildən, 1,7 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Azərbaycan vətəndaşlarının xarici səfərləri də azalıb
Hesabat dövründə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz azalaraq 468,9 min nəfər təşkil edib. İrana səfər edənlərin sayı 24,1 faiz, Gürcüstana gedənlərin sayı 16,4 faiz artsa da, Türkiyəyə səfərlər 5,4 faiz, Rusiya Federasiyasına isə 25,3 faiz azalıb.
Azərbaycan vətəndaşlarının 36,5 faizi Türkiyəyə, 15,7 faizi Rusiya Federasiyasına, 11 faizi Gürcüstana, 10,7 faizi İrana, 26,1 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 66,3 faizini kişilər, 33,7 faizini qadınlar təşkil edib.
Vətəndaşların 68,2 faizi hava, 29,7 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.