Az | EN

Böyük Britaniya Uber -in ƏDV məsələsində geri addım atıb

Cəmil Hüseynzadə
10 May 2025 23:06
5 baxış
Böyük Britaniya Uber -in ƏDV məsələsində geri addım atıb

Böyük Britaniyanın Vergi Xidməti – HMRC, taksi sifarişi platforması Uber-dən alınan mübahisəli Əlavə Dəyər Vergisi (ƏDV) ödənişlərinin toplanmasını müvəqqəti olaraq dayandırıb. Bu addım, Uber-in rəqibi Bolt ilə bağlı çıxarılan məhkəmə qərarından sonra atılıb.

Bolt mart ayında Vergi Apellyasiya Məhkəməsində qələbə qazanaraq, turizm şirkətləri üçün nəzərdə tutulan Marja Sxeminə daxil edildiyini təsdiqlətdi. Bu qərar Uber-in mövqeyini də gücləndirib. Hər iki şirkət hesab edir ki, ƏDV yalnız onların xidmət haqqı (komissiya) üzərindən tutulmalıdır, bütün marşrut haqqından yox.

HMRC 2022-ci ildən bəri Uber-dən bütün sifariş məbləği üzrə ƏDV tələb edirdi. Uber isə hər rübdə 100 milyon funtdan artıq məbləğdə “qiymətləndirmə” ilə üzləşirdi. İndiyə qədər şirkət bu əsasda 1,4 milyard funt ödəmişdi, lakin bu məbləğin qanuniliyini qəbul etmədiyini açıqlamışdı.

Uber-in son maliyyə hesabatında qeyd olunur ki, HMRC artıq bu ödənişlərin yığılmasını dayandırmaq niyyətindədir və rəqib şirkətə dair məhkəmə işinin nəticəsini gözləyir.

Hazırda məsələ üzrə apellyasiya prosesi davam edir və yekun qərar sektor üçün presedent ola bilər.

© copyright 2022 | tech.az | media@tech.az