Yeni seçilmiş Roma Papası Leo XIV şənbə günü bildirib ki, öz papalıq adını qismən Papa XIII Leo-nun sənaye inqilabı dövründə sosial məsələlərə və işçi hüquqlarına verdiyi dəstəyə ehtiram olaraq seçib.
Keçmişdə Kardinal Robert Prevost kimi tanınan və cümə axşamı Vatikan konklavı tərəfindən seçilmiş amerikalı pontifik bildirib ki, bu gün dünya süni intellektin sürətli inkişafı ilə bağlı insan hüquqları və əmək sahəsində yeni çətinliklərlə qarşı-qarşıyadır.
“Bu gün kilsə, yeni bir sənaye inqilabı və süni intellekt sahəsindəki inkişafların insan ləyaqəti, ədalət və əmək hüquqları üçün yaratdığı çağırışlara cavab olaraq, sosial təlim xəzinəsini hər kəsə təqdim edir,” – deyə Papa Leo qeyd edib.
Bu çıxış, Katolik Kilsəsinin başçısı kimi onun liderlik vizyonunun ilk ipuclarından biri kimi qiymətləndirilir. Papa Leo, həmçinin kardinallarla ilk görüşündə mərhum Papa Fransiskin sosial ədalətə dair siyasətini davam etdirəcəyini bəyan edib.
Papa XIII Leo, 1878-ci ildə seçilmişdi və Katolik Kilsəsinin sosial təlimlərində, xüsusilə də işçi sinfinin hüquqlarının müdafiəsində əsas fiqur kimi tanınır. Yeni Papa Leo XIV isə Katolik Kilsəsinin tarixində ilk amerikalı papa olaraq tarixə düşüb.