Az | EN

Çin öz aviaşirkətlərinə “Boeing” təyyarələrinin alınmasını qadağan edib

Cəmil Hüseynzadə
17 Aprel 2025 12:46
37 baxış
Çin öz aviaşirkətlərinə “Boeing” təyyarələrinin alınmasını qadağan edib

ABŞ-ın aviasiya nəhəngi Boeing, əmək mübahisələri və keyfiyyət problemlərindən sonra indi də ABŞ və Çin arasında alovlanan ticarət müharibəsinin mərkəzinə düşüb.

Prezident Donald Trampın Çin məhsullarına qarşı 145 faizədək əlavə tariflər tətbiq etməsi Pekinin 125 faizlik cavab tədbirləri ilə nəticələnib. Bu qarşılıqlı rüsumlar ABŞ-da istehsal olunan təyyarələrin və ehtiyat hissələrinin qiymətini iki dəfədən çox artırıb.

Prezident Tramp bu həftə verdiyi açıqlamada, Çinin "Böyük Boeing razılaşmasından" imtina etdiyini bildirib. Bu açıqlama, Bloomberg-in yaydığı xəbərlə eyni vaxtda gəlib. Həmin xəbərə görə, Çin hakimiyyəti yerli hava yollarına Boeing-dən yeni təyyarələrin qəbulunu dayandırmağı tapşırıb və ABŞ istehsalı olan aviasiya avadanlıqlarının alışını da müvəqqəti olaraq təxirə salıb.

Boeing məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Çinin Juneyao Airlines şirkəti də artan xərcləri əsas gətirərək Boeing genişgövdəli təyyarəsinin təhvilini gecikdirdiyini açıqlayıb.

Böyük itki riski

Boeing-in rəsmi saytına görə, 2024-cü ilin sonuna olan sifarişlər arasında 130 ədəd Çin müştərilərinə məxsus təyyarə yer alır. Lakin anonim sifarişçilər nəzərə alındıqda, bu rəqəmin daha yüksək ola biləcəyi deyilir.

Bank of America (BofA) analitikləri bildirirlər ki, şirkət bu il 29 təyyarəni Çin müştərilərinə təhvil verməyi planlaşdırır. Onların fikrincə, qeydiyyatsız müştərilərin böyük hissəsi də əslində Çin şirkətləridir.

BofA-nın hesabatında qeyd olunur ki, Çin gələcək 20 il ərzində iri sərnişin təyyarələri bazarının təxminən 20%-ni təşkil edəcək. Analitiklər bildirirlər ki, ABŞ administrasiyası Boeing kimi strateji ixracatçının vəziyyətini nəzərə almadan ticarət balansını tənzimləyə bilməz.

Alternativlər məhduddur

Airbus-un mövcud istehsal gücünü nəzərə alsaq, Çin üçün yalnız bir təyyarə istehsalçısına güvənmək real deyil. Eyni zamanda, Çin Kommersiya Təyyarə Korporasiyası (COMAC) da ABŞ təchizatçılarından ciddi asılıdır.

Əgər Çin ABŞ-dan təyyarə hissələri almayacaqsa, COMAC-ın C919 layihəsi – yəni Boeing 737 və Airbus A320-yə rəqib olan proqram faktiki olaraq dayana bilər.

İxrac və istehsalda geriləmə

Boeing-in istehsalı 2024-cü ilin əvvəlində baş vermiş uçuş hadisəsi və sonradan fabriklərdə baş verən tətil səbəbilə əvvəlkindən daha yavaş templə davam edir. ABŞ-ın rəsmi statistikalarına görə, 2023-cü ilin avqustunda 4,2 milyard dollar olan kommersiya təyyarə ixracı, sentyabrda 2,6 milyard dollara düşüb. Bu rəqəmlər oktyabr və noyabrda da aşağı düşərək yalnız dekabr ayında, təhvil prosesləri bərpa olunanda 3,1 milyard dollara qədər artıb.

Müştərilər də təsir altındadır

Boeing-in baş direktoru Kelly Ortberg şirkətin 1,8 milyon amerikalının işinə töhfə verdiyini açıqlamışdı. Təhvilin dayanması isə şirkətin nağd vəsait axınına ciddi zərbə vura bilər, xüsusilə də COVID-19 pandemiyası və digər problemlərdən sonra bərpa olunmağa çalışdığı bir vaxtda.

Digər tərəfdən, Ryanair-in CEO-su Michael O'Leary, Boeing-dən sifariş verdikləri 25 təyyarənin gömrük xərcləri artarsa təhvilini təxirə sala biləcəklərini deyib. Şirkət 2023-cü ilin mayında 300 ədəd Boeing 737 MAX 10 üçün sifariş vermişdi.

Delta Air Lines CEO-su Ed Bastian isə bildirib ki, Airbus təyyarələrinə görə gömrük rüsumu ödəmək fikrində deyil.

© copyright 2022 | tech.az | media@tech.az