Az | EN

Metroda təmir gedəndə ekspress avtobuslar işləyəcək

Cəmil Hüseynzadə
11 Aprel 2025 17:19
120 baxış
Metroda təmir gedəndə ekspress avtobuslar işləyəcək

Bakı metropolitenində sərnişin axınının daha səmərəli tənzimlənməsi, qatarların intervalının optimallaşdırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə xətlərin ayrılması üzrə genişmiqyaslı tədbirlərə start verilib.

“Bakı Metropoliteni” QSC bu layihə çərçivəsində tikinti dövründə nəqliyyatın təşkili və tətbiq olunacaq məhdudiyyətlərlə bağlı açıqlama yayıb.

Məlumatda qeyd olunur ki, xətlərin ayrılması layihəsinin əsas mərhələsi kimi nəzərdə tutulan yeni tunelin inşasına 2025-ci ilin sonunda başlanacaq. Həmin tarixdən etibarən sərnişinlərin metro istifadəsində bəzi dəyişikliklər tətbiq olunacaq.

Tikinti dövründə yaşıl xəttin müvəqqəti son dayanacağı “Nizami” stansiyası olacaq. Bu səbəbdən:

“Dərnəgül” istiqamətindən gələn sərnişinlər “Nizami” stansiyasında düşərək qırmızı xəttə keçmək üçün digər nəqliyyat vasitələrindən istifadə etməli olacaqlar;

“Həzi Aslanov” istiqamətindən gələn sərnişinlər isə “28 May” stansiyasında metronu tərk edib yaşıl xəttə keçid üçün alternativ ictimai nəqliyyata yönələcəklər.

Bununla belə, İçərişəhər–28 May–Həzi Aslanov xətti üzrə hərəkət əvvəlki qaydada davam edəcək. Hətta bu marşrut üzrə intervalların daha da azaldılması və stabilliyin artırılması planlaşdırılır.

Bakı Metropoliteni sərnişinlərin bu keçid dövrünü mümkün qədər rahat keçirməsi üçün digər dövlət qurumları ilə birlikdə fəaliyyət göstərəcəyini açıqlayıb. Hazırda ekspress avtobus marşrutlarının təşkili üzərində işlər gedir və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Açıqlamada həmçinin bildirilib ki, bu keçid mərhələsi sərnişinlər üçün müəyyən narahatlıqlar yaratsa da, gələcəkdə daha sürətli, sıx qrafiklə və rahat şəkildə işləyəcək metro sistemi üçün vacib bir addımdır.

© copyright 2022 | tech.az | media@tech.az