İnsan resursları və əməkhaqqı idarəetməsi üzrə ixtisaslaşan ABŞ mərkəzli Rippling startapı, son investisiya raundunda 450 milyon dollar cəlb edib və şirkətin ümumi dəyəri 16,8 milyard dollara yüksəlib. Bu raundun nəticəsində şirkətin qurucusu və baş direktoru Parker Konradın payı təxminən 2,3 milyard dollar dəyərində qiymətləndirilir (Bloomberg Milyarderlər İndeksinə əsasən).
Konrad 2016-cı ildə Rippling-i təsis edib. Bloomberg-in hesablamalarına görə, onun şirkətdəki payı təxminən 14%-dir, baxmayaraq ki, Rippling bu rəqəmi rəsmi olaraq şərh etməyib.
Bu investisiya raundu, eyni zamanda, Konrad üçün Silicon Valley-də uğurlu qayıdış hekayəsi sayılır. O, 2016-cı ildə əvvəlki şirkəti Zenefits-dəki tənzimləmə pozuntuları səbəbilə istefa verməyə məcbur olmuşdu. Konrad həmin il Rippling-i qurdu və şirkət bu gün ABŞ-ın ən yüksək dəyərləndirilən texnoloji startaplarından birinə çevrilib.
Rippling hazırda böyük hüquqi qalmaqal içindədir – şirkət, rəqibi olan HR platforması Deel Inc.-i korporativ casusluqda ittiham edir. Deel isə bu ittihamları “məntiqsiz” adlandırıb. Məhkəmə prosesi davam edir və qalmaqalın daha da böyüməsi gözlənilir.
Yeni investisiya çərçivəsində 200 milyon dollar hazırki səhmdarlardan səhmlərin alınmasına yönəlib. İnvestisiya raundunda Elad Gil, Sands Capital, GIC, Goldman Sachs Alternatives, Baillie Gifford və Y Combinator kimi nüfuzlu investorlar iştirak edib.