Az | EN

ABB bu il rekord məbləğdə, 200 milyon manat dividend ödəyəcək

Cəmil Hüseynzadə
08 May 2025 11:45
30 baxış
ABB bu il rekord məbləğdə, 200 milyon manat dividend ödəyəcək

ABB 2024-cü ilin maliyyə ilini 360 milyon manat xalis mənfəətlə başa vurub. Bu nəticə Bankın səhmdarlarına yüksək dividend ödəməsinə geniş imkan yaradıb. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun sözlərinə görə, səhmdarlara 200 milyon manat həcmində dividend ödənilməsi təklif olunub. Bu məbləğ son yeddi ilin ən yüksək dividend göstəricisidir və bu il ilk dəfə olaraq Bankın qazancı onminlərlə azərbaycanlı investorla bölüşüləcək. Əgər 7 may 2024-cü il tarixinə qədər ABB səhmi əldə edən investorlar adlarını Milli Depozit Mərkəzinin reyestrində qeyd etdiriblərsə, bu şəxslərin hər biri 2024-cü ilin mənfəətindən pay alacaq. Təklif olunan dividend səhmlərin nominal dəyəri üzrə illik gəlirlilik səviyyəsini 15,6%-ə çatdırır.

ABB rəhbərliyi Səhmdarların Ümumi Yığıncağında müvafiq qərarın qəbulundan sonra qanunvericiliyə uyğun şəkildə ödənişlərə başlayacaq. Prosedurların tamamlanması ilə dividend gəlirləri iyun ayınadək səhmdarların hesablarına köçürüləcək.

Bankın uğurlu göstəriciləri ABB səhmlərinə olan tələbatı da artırıb. Son dövrlər səhmlərin qiymətində nəzərəçarpacaq bahalaşma müşahidə olunur ki, bu da həm bankın maliyyə sabitliyi, həm də dividend gözləntiləri ilə əlaqələndirilir.

Eyni zamanda, ABB-yə olan güclü etimad əhalinin milli valyutada olan yatırımlarında da əksini tapır. 2024-cü ilin əvvəlindən fiziki şəxslərin ABB-dəki depozitləri 665 milyon manat artıb, bunun 495 milyon manatı isə məhz manatda yerləşdirilib. Manatla olan müddətli əmanətlər isə 89% artaraq 900 milyon manatı ötüb. Ümumilikdə, ölkənin bank sektorunda manatla depozitlər son üç ildə 67% artaraq 10 milyard manata yaxınlaşıb, xarici valyutada əmanətlərin payı isə 39.8%-dən 34%-ə düşüb. Bu, milli valyutaya olan inamın artdığını göstərir.

Abbas İbrahimov qeyd edir ki, xarici valyutaya olan tələb əsasən qısamüddətli və iqtisadi əsaslara deyil, müvəqqəti amillərə bağlıdır. Azərbaycanın strateji valyuta ehtiyatları isə sabit şəkildə artır – son 3 ildə 17.8 milyard dollar artım baş verib və hazırda ÜDM səviyyəsinə yaxınlaşıb.

ABB-nin gələcək dividend siyasəti isə sabitlik və uzunmüddətli davamlılıq üzərində qurulacaq. Bankın məqsədi səhmdarlarla qazancı davamlı şəkildə bölüşmək, eyni zamanda strateji inkişaf planlarını həyata keçirmək üçün maliyyə dayanıqlığını qorumaqdır.

© copyright 2022 | tech.az | media@tech.az