2025-ci ilin yanvar-may aylarında ölkənin iqtisadi mənzərəsində əsas kapitala yönəlmiş investisiyalar 6 milyard 694,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə cüzi — 0,8% azalma deməkdir.
Əsas geriləmə neft-qaz sektorundadır: bu sahəyə yatırımlar 21,9% azalıb. Əvəzində, qeyri-neft-qaz sektoruna inam artıb — investisiyalar burada 11,7% yüksəlib.
Sərmayələrin yarıdan çoxu – 3,36 milyard manatı məhsul istehsalı sahələrinə yönəlib. Xidmət sektoruna 2,24 milyard manat, yaşayış evlərinin tikintisinə isə 1,09 milyard manat ayrılıb.
Daxili mənbələr əsas rol oynayıb – sərmayələrin 75,4%-i (5 milyard manatdan çoxu) yerli vəsait hesabına maliyyələşdirilib. Üstəlik, hər 4 manatdan 3-ü birbaşa tikinti-quraşdırma işlərinə xərclənib – bu, 5,23 milyard manat deməkdir.
Bir sözlə, neft geri çəkilsə də, tikinti və qeyri-neft sektoru güc qazanır. İqtisadi prioritetlərin istiqaməti dəyişir.