Barbie, Hot Wheels və Uno kart oyununun istehsalçısı olan Mattel, süni intellekt sahəsində lider olan OpenAI ilə strateji tərəfdaşlıq elan edib. Məqsəd – uşaqlar üçün yaşlarına uyğun, təhlükəsiz və interaktiv süni intellekt əsaslı oyun təcrübələri yaratmaqdır.
Şirkətlər ilk məhsulların 2025-ci ilin sonuna qədər təqdim olunacağını bildiriblər. Bu məhsullar fiziki və ya rəqəmsal formatda ola bilər.
Mattel bildirib ki, bu əməkdaşlıq süni intellektin gücündən istifadə edərək onun brendlərinin təsir dairəsini genişləndirəcək və oyun anlayışını yenidən formalaşdıracaq. Hazırda şirkətin əməkdaşları OpenAI-nin ChatGPT Enterprise xidmətinə qoşulub.
Əməkdaşlıq çərçivəsində:
- Mattel-in brendləri OpenAI-nin texnologiyası ilə zənginləşdiriləcək;
- Məhsullarda təhlükəsizlik, məxfilik və hüquqi tələblərə ciddi riayət olunacaq;
- OpenAI-nin qurucu ortağı Sam Altman, bu kimi layihələrin “kompüter istifadəsini başdan aşağı yenidən düşünmək” imkanı verdiyini vurğulayıb.
Bu razılaşma həm də OpenAI-nin fiziki cihaz bazarına girişi fonunda baş verir. Şirkət bu yaxınlarda Apple-ın sabiq dizayn rəhbəri Jony Ivein startapını 6.4 milyard dollara almış və “AGI dövrü üçün məhsullar ailəsi” yaratmağı planlaşdırdığını açıqlamışdı.
Mattel bu əməkdaşlıq çərçivəsində öz intellektual mülkiyyətini OpenAI-yə lisenziyalaşdırmayıb, lakin gələcəkdə daha geniş məhsul və xidmətlərin yaradılması gözlənilir.