Az | EN

Geosiyasi gərginliklər qızılın qiymətini bir ayda 27% artırıb

Cəmil Hüseynzadə
26 May 2025 10:55
18 baxış
Geosiyasi gərginliklər qızılın qiymətini bir ayda 27% artırıb

Aprel ayında dünyada qızıla maraq partlayış yaşadı! Dünya Qızıl Şurasının yeni hesabatına görə, investorlar qızıla adət etdiklərindən də çox yönəlib – tam 27% artım qeydə alınıb. Səbəb? ABŞ dollarının zəifləməsi, dünya üzrə geosiyasi gərginliklərin artması və ETF-lərə – yəni birja üzərindən qızıl investisiyasına – güclü pul axını.

Niyə məhz indi qızıl?

Dünyada vəziyyət qarışıqdır: münaqişələr, iqtisadi qeyri-müəyyənliklər və ticarət savaşları investorları daha təhlükəsiz limanlara yönəldib. Tarix boyu bu "təhlükəsiz liman"ın adı isə qızıl olub. Dolların zəifləməsi ilə birgə qızılın dəyəri daha da parıldayır – çünki insanlar real dəyər saxlayan aktiv axtarır.

Üstəlik, qızıl ETF-lərinə axın yeni rekordlar qırır. Bu fondlar sayəsində investorlar qızılı əllərinə almadan ona yatırım edə bilir. Bu isə qızılı daha əlçatan və populyar edir. Beləliklə, həm iri investorlar, həm də sığorta fondları – konservativ investisiya oyunçuları – artıq portfellərində qızıla ciddi yer ayırmağa başlayıb.

Çin bazarında da “qızıl qızıl günlər” yaşanır

Çində vəziyyət daha da maraqlıdır. Şanxay Qızıl Birjası aprel ayında 153 ton qızıl çıxışı qeydə alıb – bu, əvvəlki aylarla müqayisədə böyük sıçrayışdır. Səbəb isə sadədir: həm investorlar, həm də zərgərlər ticarət gərginlikləri fonunda qızılı “ən sərfəli aktiv” kimi görür. Xüsusilə ABŞ-Çin münasibətlərindəki gərginlik, yuanla qızılın qiymətini daha da cəlbedici edib.

Bundan əlavə, Çin qızıl ETF-lərinə 49 milyard yuanlıq axın olub – bu da ardıcıl üçüncü ayda yüksək maraq deməkdir. İdarə olunan aktivlər ümumilikdə 158 milyard yuana çatıb. Paralel olaraq, Çin Xalq Bankı da ehtiyatlarını artıraraq qızıl alışı ilə məşğuldur. Apreldə 2.2 ton daha alaraq ehtiyatlarını 2295 tona çatdırıb.

Qızıl gələcəkdə də “sığınacaq” olacaq?

Dünya Qızıl Şurasının proqnozlarına görə, bu maraq hələ uzun müddət davam edəcək. Çünki qeyri-müəyyənliklər qızılın əhəmiyyətini artırır. Sürətli qazanc üçün yox, sabit gəlir və risklərə qarşı sığorta axtaran investorlar üçün qızıl, görünən odur ki, hələ uzun müddət “parlayan ulduz” olaraq qalacaq.

© copyright 2022 | tech.az | media@tech.az