İyun ayının 1-də Qazaxıstanda məktəblilər üçün nəzərdə tutulmuş QalamBalam adlı yeni media layihəsi fəaliyyətə başlayıb. Bu platforma 7–16 yaşlı uşaqlara yönəlmiş ilk rəqəmsal KİV-lərdən biridir.
QalamBalam qısa, yaddaqalan və informativ videolar vasitəsilə tarix, elm, mədəniyyət və cəmiyyət mövzularını təqdim edir. Layihənin əsas məqsədi məktəb proqramını daha asan başa düşməyə yardım etmək və əlavə maraqlı biliklərlə uşaqları tanış etməkdir.
Məzmun Qalam komandası tərəfindən hazırlanır. Qalam – Qazaxıstan, Mərkəzi Asiya və Türk dünyasının tarixi və mədəniyyəti ilə bağlı populyar multimedialı layihədir.
Yeni layihənin videoları məktəblilər arasında populyar olan TikTok və YouTube platformalarında yerləşdirilir. Kontent həm qazax, həm də rus dillərində təqdim olunur. Müəlliflər elmi dəqiqliklə və yumorlu təqdimatla mürəkkəb mövzuları uşaqlara sadə dillə çatdırırlar. Məsələn, Qazaxıstan ərazisində yaşamış dinozavrlar, orta əsrlərdə uşaqların həyatı, qədim dövr oyuncaq və oyunları, saqqızın tarixi kimi maraqlı mövzulara yer verilir.
Layihənin əsas formatlarından biri – 5 dəqiqəlik tarixi video dərslərdir. Bu videolarda hər bir mövzu uşaq auditoriyası üçün nəzərdə tutulmuş xüsusi vizual təqdimatla açıqlanır. Məqsəd klassik dərs formatı deyil, tarixə maraq oyadan yeni nəsil izahlı kontent formalaşdırmaqdır.
QalamBalam komandasının sözlərinə görə, Qazaxıstanda 17 yaşa qədər 6,8 milyon uşaq var, onlardan 3 milyondan çoxu “Alfa nəsli”nə aiddir. Lakin bu auditoriya üçün asanlıqla əldə oluna bilən, keyfiyyətli təhsil kontenti hələlik geniş şəkildə mövcud deyil. Layihənin məqsədi uşaqların dünyanı tanımasına, düşünməsinə və sual verməkdən çəkinməməsinə şərait yaratmaqdır.
Layihə çərçivəsində alimlər, müəllimlər və jurnalistlərdən ibarət yaradıcı komanda çalışır. Gələcəkdə QalamBalam regionda uşaqlar və yeniyetmələr üçün ən böyük video bilik kitabxanasını yaratmağı və gənc tədqiqatçılar icmasını formalaşdırmağı planlaşdırır.