Son bir ildə Swatch Group-un səhmləri 24% ucuzlaşıb. İllik mənfəətin 75% azalaraq 219 milyon İsveçrə frankına düşməsi, lüks saat sənayesindəki ümumi durğunluqla yanaşı, şirkətin daxili idarəetmə problemlərini də gündəmə gətirib.
Şirkət rəhbəri Nik Hayek-in investorlarla açıq ünsiyyətdən çəkinməsi və ailəvi idarəetmə tərzi artıq investorların səbrini tükədib. ABŞ-lı sərmayəçi və GreenWood Investors-un qurucusu Stiven Vud bu həftə keçiriləcək ümumi yığıncaqda direktorlar şurasına seçilməyə çalışır. O, Swatch-un "yalnız bir səhmdarın" maraqlarına uyğun idarə olunduğunu bildirir – bu, 25% səhmi və 44% səsvermə hüququ olan Hayek ailəsinə işarədir.
Hayek-in qeyri-ənənəvi rəhbərlik üslubu – investorları tənqid etməsi, mətbuat konfranslarında siqar çəkməsi, illik hesabatların anlaşılmaz dialektdə və ya oxunması çətin ölçüdə təqdim edilməsi – maliyyə icmasını narazı salıb. Ekspertlər Swatch-un potensialının ailə daxilində idarəetmə ilə boğulduğunu düşünür.
İsveçrəli analitiklər, xüsusilə Breguet, Omega və Longines kimi markaların satışlarının son illərdə ciddi şəkildə azaldığını qeyd edir. Eyni zamanda, şirkət yüksək seqmentdə bazar payını itirir. Halbuki rəqibləri – Rolex, Patek Philippe və Audemars Piguet – bu sahədə mövqelərini gücləndirir.
Swatch-un bəzi üstünlükləri qalmaqdadır: 150-dən çox istehsal mərkəzi ilə öz komponentlərini və digər brendlər üçün ehtiyat hissələrini istehsal edir. Eyni zamanda MoonSwatch əməkdaşlığı qısa müddətli satış uğuru gətirib. Lakin Breguet kimi tarixi markaların zəif idarə olunması və zərər etməsi, struktur islahatlarının vacibliyini göstərir.
Hayek şirkətin uzunmüddətli sabitliyini ön planda saxladığını iddia edir və səhmlərin qısamüddətli qiymət dəyişikliklərinə önəm vermədiyini bildirir. Lakin investorlar artıq daha şəffaf, peşəkar və nəticəyönlü idarəetmə istəyir.
Swatch-un gələcəyi bu çərşənbə keçiriləcək səhmədar yığıncağından sonra daha da aydınlaşa bilər. Lakin hazırda ortaq fikir odur ki, şirkət ciddi dəyişikliklərə ehtiyac duyur.