Vyetnamın aşağı büdcəli aviadaşıyıcısı VietJet Aviation JSC, Fransanın prezidenti Emmanuel Makronun Hanoya rəsmi səfəri çərçivəsində Airbus şirkəti ilə 20 ədəd A330-900neo genişgövdəli təyyarənin alınmasına dair müqavilə imzalayıb.
Şirkətin məlumatına görə, hər bir təyyarənin kataloq qiyməti 374 milyon dollar təşkil edir, ümumi məbləğ isə təxminən 7,5 milyard dollar dəyərində qiymətləndirilir. Lakin qeyd olunur ki, iri sifarişlər zamanı hava yolları şirkətləri adətən böyük endirimlər əldə edirlər.
Bu, VietJet-in A330-900neo modelinə ikinci böyük sifarişi sayılır – şirkət keçən il də eyni tipdən 20 təyyarə sifariş etmişdi. Hazırda aviaşirkətin parkında təxminən 115 ədəd Airbus təyyarəsi mövcuddur.
Qazaxıstan bazarına genişlənmə
Bu sifariş, VietJet-in Mərkəzi Asiyada, xüsusilə də Qazaxıstanda genişlənməsi ilə paralel baş verir. 6 may 2025-ci ildə, VietJet Air və Qazaq Air arasında strateji tərəfdaşlıq sazişi imzalanıb. Bu əməkdaşlıq nəticəsində VietJet Qazaqstan adlı yeni aviaşirkət yaradılıb və bu şirkət ən azı 20 ədəd Boeing 737 təyyarəsinə sahib olacaq.
Eyni zamanda, Qazaxıstanın dövlət fondu olan “Samruk-Kazyna”, Qazaq Air şirkətindəki kontrol payını Vyetnamın Sovico Group konsorsiumuna satmaq üzrədir. Müqavilələr artıq imzalanıb və hazırda tərəflər ilkin şərtlərin yerinə yetirilməsini gözləyirlər. Yaxın 5 ildə Sovico Group Qazaq Air üçün 20-50 arası yeni təyyarə (Airbus və Boeing) alacağını və 1 milyard dollardan çox sərmayə yatıracağını bəyan edib.