ABB Özbəkistan bazarına daxil olmaq istəyir. Bunu keçirlən mətbuat konfransında bankın sədri Abbas İbrahimov deyib. “Əgər Özbəkistan bazarına daxil olsaq, filial kimi deyil, tam hüquqlu bank kimi fəaliyyət göstərmək niyyətindəyik”, – deyə ABB rəhbəri bildirib.
Bank rəhbəri qeyd edib ki, bazara daxil olmağın üç əsas ssenarisini nəzərdən keçirirlər: yerli bankın əsas səhmdarlarından birinə çevrilmək – mövcud bankın alışını həyata keçirmək, sıfırdan yeni bank qurmaq və ya fintech şirkəti kimi başlayıb, sonradan tam hüquqlu banka çevrilmək. “Hazırda bu proses ilkin mərhələdədir. Hər hansı bir ölkənin bazarına daxil olmaq kifayət qədər dərin araşdırmalar tələb edir. Bizim strateji inkişaf planına uyğunluğu tədqiq edilir və sonra qərar veriləcək”, – deyə İbrahimov bildirib.
Qeyd edək ki, cari ilin yanvar ayında ABB-nin rəhbər heyəti Özbəkistanda səfərdə olmuş, Baş nazirinin müavini Cəmşid Xocayev, İnvestisiya, sənaye və ticarət naziri Ləziz Qüdrətov, Özbəkistan Mərkəzi Bankının sədr müavinləri Behzod Həmrəyev və Abror Mirzəalimovla, eləcə də bu ölkədə fəaliyyət göstərən müxtəlif bankların, şirkətlərin rəhbərləri ilə görüşlər keçirmişdilər.