Az | EN

Yaponiyanın 550 milyard dollarlıq investisiya paketi ABŞ ilə tarif razılaşması çərçivəsində TSMC layihələrini dəstəkləyə bilər

Cəmil Hüseynzadə
27 İyul 2025 23:16
12 baxış
Yaponiyanın 550 milyard dollarlıq investisiya paketi ABŞ ilə tarif razılaşması çərçivəsində TSMC layihələrini dəstəkləyə bilər

Yaponiyanın yüksək səviyyəli ticarət danışıqları üzrə nümayəndəsi Ryosei Akazawa şənbə günü bildirib ki, bu həftə ABŞ ilə razılaşdırılan 550 milyard dollarlıq investisiya paketi Tayvan şirkətlərinin ABŞ-da çip zavodları tikməsini maliyyələşdirmək üçün istifadə oluna bilər.

Yaponiya bu iri həcmli investisiya təşəbbüsünə – kapital qoyuluşları, kreditlər və zəmanətləri əhatə edən paketə – ABŞ-a ixrac olunan mallara tətbiq olunan tariflərin azaldılması qarşılığında razılıq verib. Lakin hələlik paketin strukturu tam açıqlanmayıb.

"Yaponiya, ABŞ və oxşar düşüncəyə sahib ölkələr iqtisadi təhlükəsizlik üçün vacib sahələrdə təchizat zəncirlərini qurmaq üçün əməkdaşlıq edirlər," – Akazawa NHK dövlət yayımçısına bildirib.

Onun sözlərinə görə, maliyyələşdirilə biləcək layihələr yalnız ABŞ və ya Yapon şirkətləri ilə məhdudlaşmır.
"Məsələn, əgər bir Tayvan çip istehsalçısı ABŞ-da zavod inşa edirsə və burada Yapon komponentlərindən istifadə edirsə və ya məhsulları Yaponiyanın ehtiyaclarına uyğunlaşdırırsa, bu da dəstəklənə bilər," – deyə əlavə edib.

ABŞ yüksək səviyyəli çip istehsalında Tayvanın TSMC şirkətindən ciddi şəkildə asılıdır. Coğrafi baxımdan Çinə yaxınlıq səbəbindən bu, iqtisadi təhlükəsizlik riskləri yaradır.

TSMC artıq ABŞ-da 100 milyard dollarlıq investisiya planını elan edib. Bundan əvvəl isə Arizona ştatında biri artıq fəaliyyət göstərən üç zavod üçün 65 milyard dollar ayırmışdı.

Yaponiyanın investisiyalar üçün istifadə edəcəyi əsas qurumlar Dövlətə məxsus Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) və Nippon İxrac və İnvestisiya Sığortası (NEXI) olacaq. Yaxın keçmişdə qanun dəyişikliyi ilə JBIC-in Yaponiyanın təchizat zəncirləri üçün strateji sayılan xarici şirkətləri maliyyələşdirməsinə imkan yaradılıb.

Akazawa bildirib ki, ümumi investisiyanın cəmi 1-2%-i birbaşa kapital qoyuluşları olacaq, əsas hissə isə kreditlər və zəmanətlərdən ibarət olacaq.

Ağ Ev-in paketdən gələn gəlirin 90%-nin ABŞ-a qalacağı barədə açıqlamasına münasibət bildirən Akazawa izah edib ki, bu yalnız kapital qoyuluşlarından əldə edilən gəlirə aiddir və bu da ümumi məbləğdə çox kiçik pay təşkil edir.

Yaponiya əvvəlcə gəlirin yarısını əldə etməyə ümid edirdi. Lakin tarif güzəştləri nəticəsində təqribən 10 trilyon yenə (təxminən 67.72 milyard ABŞ dolları) qənaət ediləcəyi nəzərə alınaraq, gəlir bölgüsündə güzəşt böyük itki sayılmır.

Akazawa həmçinin qeyd edib ki, Yaponiya 550 milyard dollarlıq investisiyanı Donald Trampın hazırkı prezidentlik dövrü ərzində reallaşdırmağı planlaşdırır.

© copyright 2022 | tech.az | media@tech.az