Az | EN

Türk fintex Midas 80 milyon dollar investisiya alıb

Cəmil Hüseynzadə
20 Avqust 2025 02:11
8 baxış
Türk fintex Midas 80 milyon dollar investisiya alıb

3,5 milyondan çox istifadəçisi olan Türkiyənin aparıcı fintexi Midas, ölkədə bir fintex tərəfindən reallaşdırılmış ən böyük investisiya turuna imza atdı. Startap QED Investors liderliyində keçirilən Seri B turunda 80 milyon dollar vəsait cəlb edib.

Beləliklə, Midas-ın ümumi investisiya həcmi 140 milyon dollara çatdı. İnvestisiya turunda Dünya Bankının investisiya qolu International Finance Corporation (IFC), HSG (əvvəlki Sequoia China), Revolut qurucusu Nik Storonsky-nin təsis etdiyi QuantumLight, eləcə də Spice Expeditions LP və George Rzepecki yeni investor kimi iştirak edib. Mövcud investorlar – Spark Capital, Portage Ventures, Bek Ventures və Nigel Morris də tura qatıldılar.

Yeni investisiya Midas-ı “unicorn” statusuna daha da yaxınlaşdırır. Startap əldə olunan vəsaiti beynəlxalq standartlara uyğun təhlükəsizlik tədbirlərini gücləndirməyə, peşəkar investorlar üçün yeni məhsullar təqdim etməyə və qlobal miqyasda genişlənməyə sərf edəcək.

Hazırda Midas Borsa İstanbul, ABŞ birjaları, investisiya fondları və kriptovalyutaları bir arada təqdim edən platforma kimi fəaliyyət göstərir. Şirkət sentyabr ayında ABŞ opsion müqavilələrini istifadəyə verməyi planlaşdırır ki, bu da investorların canlı məlumat, rəqabətli qiymətlər və sadə interfeys ilə əməliyyat etməsinə imkan yaradacaq.

Midas-ın baş direktoru Egem Eraslan açıqlamasında deyib:
“Bizim məqsədimiz yatırımı hər kəs üçün əlçatan, sərfəli və problemsiz etməkdir. Yeni investisiya ilə həm Türkiyədə, həm də qlobal səviyyədə fərdi investorların ehtiyaclarını qarşılaya biləcək güclü bir ekosistem qurmağa davam edəcəyik.”

© copyright 2022 | tech.az | media@tech.az