Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) gənc mütəxəssislərin inkişafına töhfə vermək məqsədilə 2025-ci il üzrə Yay Təcrübə Proqramını elan edib. Neft və qaz kapitalının insan kapitalına çevrilməsi siyasətinə sadiq olan Fond, bu təşəbbüslə gənc istedadların bacarıqlarının inkişafına və əmək bazarına daha hazırlıqlı çıxmalarına şərait yaratmağı hədəfləyir.
Fondun verdiyi məlumata görə, təcrübə proqramı çərçivəsində iştirakçılar maliyyə bazarları, investisiya idarəçiliyi və analitik təhlil sahələrində bilik və praktiki bacarıqlar əldə edəcəklər. Proqram, tələbələrə gündəlik real iş mühitində iştirak etməklə peşəkar və şəxsi inkişaf fürsəti təqdim edir.
Proqramın əsas üstünlükləri:
- Dünya miqyasında tanınan suveren fondlardan birində təcrübə imkanı;
- Maliyyə bazarları və investisiya idarəçiliyi üzrə nəzəri və praktiki biliklərin artırılması;
- Real tapşırıqlar üzərində işləməklə analitik və texniki bacarıqların inkişafı;
- Yeni biliklər əldə etmə və gələcək karyera yüksəlişi üçün zəmin yaratmaq imkanı.
Təcrübə proqramına kimlər müraciət edə bilər?
- Proqrama aşağıdakı kateqoriyadan olan namizədlər müraciət edə bilərlər:
- Aşağıda göstərilən ixtisaslar üzrə bakalavr təhsilinin 3-cü və ya 4-cü kursunda oxuyan tələbələr;
- 2024-cü ildə ali təhsilini bitirmiş və yüksək akademik göstəricilərə malik məzunlar.
Tələblər:
- Azərbaycan və ingilis dillərində sərbəst danışıq və yazı bacarığı (digər dilləri bilmək üstünlükdür);
- MS Office proqramlarında sərbəst işləmə bacarığı (əlavə texniki biliklər üstünlükdür).
Dövlət Neft Fondu həmçinin qeyd edir ki, bu proqram təkcə təcrübə deyil, həm də Fondun gələcək əməkdaşları üçün potensial seçim mərhələsi kimi də çıxış edə bilər. Qeydiyyat.