Astanada Solana Economic Zone Kazakhstan adlı yeni iqtisadi zona fəaliyyətə başlayıb. Bu, Mərkəzi Asiyada Solana blokçeyn platforması əsasında yaradılan ilk iqtisadi zonadır, – bu barədə Qazaxıstan Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi məlumat yayıb.
Yeni zona, rəqəmsal iqtisadiyyat üzrə ixtisaslaşmış mərkəz, innovasiya pilot layihələri üçün meydança və yerli startapların beynəlxalq bazarlara çıxışı üçün platforma rolunu oynayacaq.
Nazirlikdən bildirilib ki, dünyada rəqəmsal texnologiyaların inkişafı üçün xüsusi zonaların yaradılması effektiv model sayılır. Dubayda yerləşən DMCC Crypto Centre bu sahədə nümunə göstərilir – burada onlarla blokçeyn şirkəti fəaliyyət göstərir və startaplar infrastruktur və investisiyalara çıxış imkanı əldə edir.
Nazir Jaslan Madiyev qeyd edib:
“Solana Economic Zone layihəsi Qazaxıstanın rəqəmsal texnologiyaları iqtisadiyyata inteqrasiya etmək istiqamətində strateji hazırlığını nümayiş etdirir. Biz rəqabətqabiliyyətli və davamlı rəqəmsal ekosistem qurmağa çalışırıq.”
Əməkdaşlıq memorandumları imzalandı
Tədbir çərçivəsində bir sıra strateji memorandumlar imzalanıb:
- Kapital bazarlarının tokenləşdirilməsi: AIX, Solana Foundation, Jupiter və Intebix-in iştirakı ilə tokenləşdirilmiş maliyyə alətlərinin test edilməsi;
- Web3 kadrlarının hazırlanması: Rust dili və blokçeyn mühəndisliyi üzrə təhsil proqramları, universitetlər və Astana Hub ilə əməkdaşlıq;
- Beynəlxalq Web3 şirkətlərinin cəlbi: Forma ilə birgə qlobal startaplar üçün infrastruktur və hüquqi dəstək proqramları.
Qeyd edək ki, bu yaxınlarda AIX, Solana Foundation, Jupiter və Intebix şirkətlərin həm IPO, həm də token buraxılışını birgə reallaşdırmaq məqsədilə qarşılıqlı anlaşma memorandumu imzalayıblar.
Xatırladaq ki, ölkədə bu yaxınlarda 2 eksaflops gücündə NVIDIA H200 qrafik çipləri ilə təchiz olunmuş süperkompüter də istifadəyə verilib. Bu texnologiya süni intellekt və yüksək performanslı hesablama sahələri üçün nəzərdə tutulub.