Avropanın ən böyük gəmiqayırma şirkəti Fincantieri-nin baş direktoru Pierroberto Folgiero, artan qlobal təhdidlər və ABŞ-ın bölgədən geri çəkilməsi fonunda Avropa ölkələrini su altı müdafiə qabiliyyətlərini gücləndirməyə çağırıb.
“Aralıq dənizi hər zaman Rusiya və ABŞ-ın sualtı qayıqları ilə dolu olub. İndi məsuliyyəti Avropalılar öz üzərinə götürməlidir,” – deyə Folgiero Financial Times-a bildirib.
O qeyd edib ki, əgər Avropa ölkələri müdafiəyə daha çox vəsait ayırmağı planlaşdırırsa, bu vəsait daha effektiv xərclənməlidir.
Fincantieri sualtı texnologiyaya sərmayəni artırır
İtaliya hökumətinin nəzarətində olan Fincantieri, sualtı qayıqlar, rabitə sistemləri və avtonom sualtı cihazlar üzrə ixtisaslaşmış sualtı bölməsinin gəlirinin 2027-ci ilə qədər iki dəfə artaraq 820 milyon avroya çatacağını gözləyir. Bu da şirkətin ümumi gəlirinin 8 faizinə bərabərdir.
Şirkət bildirir ki, qlobal sualtı iqtisadiyyatının hər il 50 milyard avro artacağı proqnozlaşdırılır. Bu artım, dövlətlərin sualtı müdafiə və təhlükəsizlik texnologiyalarına yönəltdiyi sərmayələrə əsaslanır.
2022-ci ildə baş verən Nord Stream qaz kəmərinə hücumdan sonra bir çox ölkələr sualtı dron sistemləri və sualtı əleyhinə texnologiyalara daha çox diqqət yetirməyə başlayıb.
Folgiero-nun sözlərinə görə, sualtı kabellərə və digər kritik dəniz infrastrukturuna hücum təhlükəsi daha da artacaq və buna qarşı qoruyucu texnologiyalara ehtiyac getdikcə yüksələcək.
“Ukraynada müharibə başlayandan bəri diqqət Baltik dənizinə yönəlib, ancaq Aralıq dənizi coğrafi baxımdan iki dəfə böyükdür və strateji baxımdan daha önəmlidir,” – deyə o əlavə edib.
Yeni tərəfdaşlıqlar və rekord göstəricilər
Fincantieri ötən həftə Graal Tech adlı İtalyan texnologiya şirkəti ilə avtonom sualtı cihazların hazırlanması üçün tərəfdaşlıq elan edib. Şirkətin səhmləri bu xəbərlər fonunda 20% artaraq 15 avroya yüksəlib.
2023-cü ildə Fincantieri İtaliyanın mühəndislik şirkəti Remazel-i alıb və müdafiə nəhəngi Leonardo ilə birlikdə WASS sualtı bölməsini 415 milyon avroya ələ keçirib.
Fincantieri pandemiyadan sonra sürətlə böyüyərək 2025-ci ilin ilk rübündə gəlirini 35% artıraraq 2.37 milyard avroya çatdırıb. Hazırda şirkətin sifariş portfeli 57.6 milyard avro təşkil edir ki, bu da 2024-cü il üçün planlaşdırılan illik gəlirin yeddi qatına bərabərdir.