Süni intellekt texnologiyaları sahəsində dünyaca məşhur olan OpenAI şirkəti artıq Qazaxıstanda rəsmi olaraq Əlavə Dəyər Vergisi (ƏDV) ödəyicisi kimi qeydiyyata alınıb. Bu qərar 2025-ci ilin may ayında qüvvəyə minib və şirkət ölkə daxilində fiziki şəxslərə göstərdiyi xidmətlərə görə 12%-lik ƏDV ödəməyə başlayıb.
Qazaxıstan Dövlət Gəlirləri Komitəsinin açıqlamasında bildirilir ki, bu addım ölkənin rəqəmsal xidmətlər sahəsində qlobal texnologiya şirkətləri ilə münasibətlərini tənzimləmək istiqamətində atılıb. Söhbət dünyanın ən populyar süni intellekt əsaslı çat-botu olan ChatGPT-dən gedir.
2022-ci ildən etibarən Qazaxıstanda “rəqəmsal xidmətlərə vergi” (xalq arasında “Google vergisi” kimi tanınır) tətbiq olunur. Bu vergi ölkə ərazisində fəaliyyət göstərən xarici internet şirkətlərinə şamil olunur və əsasən elektron xidmətlər üçün nəzərdə tutulur. Son üç il ərzində bu vergi mexanizmi ilə Qazaxıstan büdcəsinə 69,1 milyard tenge (təxminən 270 milyon AZN) vəsait daxil olub.