ABŞ-ın səhiyyə naziri Robert F. Kennedy Jr, ölkədə geniş yayılmış xroniki xəstəliklər – o cümlədən piylənmə və şəkərli diabetlə bağlı qida sənayesinə qarşı sərt mövqeyi ilə diqqət mərkəzinə düşüb. Qeyri-ənənəvi səhiyyə baxışları ilə tanınan Kennedy indi ultra-emal olunmuş qidalar, əlavə şəkər və sintetik qida boyalarına qarşı mübarizəyə rəhbərlik edir.
“Şəkər zəhərdir” deyən Kennedy, ABŞ-da qidalanma vərdişlərinin geniş miqyaslı sağlamlıq böhranına səbəb olduğunu bildirir. O, “Amerikanı yenidən sağlam edək” şüarı ilə “Make America Healthy Again” komissiyasını yaradıb və bu komissiyanın ilk hesabatı artıq təqdim olunub.
Yeni hazırlanan Qida Siyasəti Sənədi çərçivəsində Kennedy əlavə şəkərin tamamilə qida rasionundan çıxarılmasını, qida sənayesində sintetik boyaların qadağan olunmasını və qida şirkətlərinin yeni inqrediyentləri “təhlükəsiz” elan etməsinə son qoyulmasını təklif edir.
ABŞ Kənd Təsərrüfatı Nazirliyi ilə birgə işləyən Kennedy, payızda yeni milli qidalanma göstəricilərini təqdim etməyi planlaşdırır. Bu göstəricilər məktəb yeməkləri və dövlətin qidalanma proqramları üçün əsas sənəd olacaq.
Qida sənayesi isə artıq bu dəyişikliklərə qarşı mübarizəyə başlayıb. Şirkətlər, xüsusilə də SNAP (Əlavə Qidalanma Yardımı Proqramı) vasitəsilə aşağı gəlirli ailələrin qazlı içkilər və zərərli qəlyanaltılar almasının məhdudlaşdırılmasına qarşı lobbiçilik edir.
Bəzi ştatlarda isə Kennedy-nin təşəbbüslərinə uyğun qanun layihələri irəli sürülüb. Məsələn, Qərbi Virciniyada sintetik boyaların qadağan edilməsi ilə bağlı qanun qəbul olunub.
Kennedy-nin siyasəti bəziləri tərəfindən elmi əsaslara deyil, fərdi müşahidələrə və sosial media təsirçilərinin fikirlərinə söykəndiyi üçün tənqid edilir. Bununla belə, bir çox mütəxəssislər ilk dəfə bir federal rəhbər şəxsin qida və sağlamlıq arasında birbaşa əlaqəyə bu qədər açıq şəkildə diqqət çəkməsini alqışlayır.
ABŞ Prezidenti Donald Trump isə Kennedy-ni "bu məsələləri siyasətin mərkəzinə gətirən adam" adlandıraraq onu açıq şəkildə dəstəkləyib.
“Bu, yalnız başlanğıcdır,” – deyə Tramp bildirib.