2033-cü ilə qədər Özbəkistanda islam bankçılığı aktivləri 2,4 milyard dolları keçəcək
Eurasiya İnkişaf Bankının (EİB) əsas ssenarisi göstərir ki, 2033-cü ilə qədər Özbəkistanda islam bankçılığı aktivləri 2,4 milyard ABŞ dollarına çatacaq. Bu göstərici ilə ölkə, regionda Qazaxıstandan sonra ikinci yeri tutacaq.
İslam maliyyə alətləri, xüsusilə sukuk (islam hüququna əsaslanan istiqrazlar), bölgədə sürətlə inkişaf edir. Proqnozlara əsasən, 2033-cü ildə Özbəkistandakı sukuk aktivləri 1,8 milyard dollardan çox olacaq.
EİB mütəxəssisləri qeyd edir ki, Mərkəzi Asiyada əhali artımı və islam maliyyəsi barədə maariflənmənin yüksəlməsi bu sektora marağı artırır. Bu da islam bankçılığı və sukuk kimi alternativ maliyyə vasitələrinə tələbi gücləndirir.
Regional perspektiv:
- 2028-ci ilədək Mərkəzi Asiyada islam bankçılığı aktivlərinin 2,5 milyard dollara çatacağı,
- 2033-cü ilədək isə bu rəqəmin 6,3 milyard dolları keçəcəyi gözlənilir.
Sukuk aktivlərinin isə 2028-də 2,1 milyard, 2033-də isə 5,6 milyard dollara yüksələcəyi ehtimal olunur.
Hazırda Özbəkistan islam maliyyəsinin inkişaf tempinə görə Qazaxıstandan geri qalır. Lakin hüquqi bazanın təkmilləşdirilməsi ilə bu fərqin qısa zamanda azalacağı bildirilir. Proqnozlara əsasən, 2028-ci ilədək islam bankçılığı aktivləri 1,1 milyard dollar, sukuk aktivləri isə 600 milyon dollara çata bilər. 2033-cü ilədək isə sukuk portfeli 1,9 milyard dollara yüksələcək.
Qeyd edək ki, Özbəkistan artıq İslam İnkişaf Bankından (IDB) maliyyə vəsaiti cəlb etməklə bu sahədə ilkin addımlar atıb və normativ bazanı gücləndirməyə davam edir. Bu da islam maliyyəsinin ölkə iqtisadiyyatında daha geniş yer tutmasına zəmin yaradır.