Dünyanın ən böyük neft şirkəti olan Saudi Aramco, 2025-ci ilin birinci rübü üzrə mənfəətinin 5% azalaraq 26 milyard dollara düşdüyünü açıqlayıb. Bu, ötən ilin eyni dövründə əldə olunan 83 dollarla müqayisədə neftin orta satış qiymətinin 76.30 dollar/barelə düşməsi fonunda baş verib.
Mənfəət hələ də BP və Shell kimi rəqiblərindən daha yaxşı olsa da, Aramco ümumi dividendlərini ötən rübdəki 31 milyard dollardan 21.4 milyard dollara endirib. Şirkət artıq mart ayında illik dividend ödənişini 124 milyard dollardan 85 milyard dollara salacağını açıqlamışdı.
Bu kəsinti Səudiyyə Ərəbistanının büdcəsinə mənfi təsir göstərə bilər. Dövlət və onun əsas sərvət fondu — İctimai İnvestisiya Fondu (PIF) — neft gəlirlərindən kənara çıxmaq üçün milyardlarla dollar dəyərində layihələr həyata keçirir. Şahzadə Məhəmməd bin Salmanın rəhbərlik etdiyi iqtisadi diversifikasiya proqramı çərçivəsində Neom kimi futuristik “qigalayihələr” də maliyyələşdirilir.
Maliyyə Nazirliyinin məlumatına görə, ölkənin büdcə kəsiri bu ilin birinci rübündə 15.6 milyard dollara yüksəlib. Bu göstərici ötən ilin eyni dövründə cəmi 3.3 milyard dollar idi. Kəsirin artmasına əsas səbəb neft gəlirlərinin 18% azalması olub.
Aramco-nun baş icraçı direktoru Amin Nasser bildirib ki, “Qlobal ticarət dinamikaları və iqtisadi qeyri-müəyyənlik enerji bazarlarına və neft qiymətlərinə təsir edib.” Rüb başa çatdıqdan sonra neftin qiyməti əlavə 15% azalıb və təxminən 64 dollara düşüb. Bu, ABŞ-ın ticarət tarifləri və OPEC+ tərəfindən hasilatın artırılması ilə bağlı narahatlıqların nəticəsidir.
Aramco dividendlərlə və xərclərlə bağlı gələcək planları açıqlamasa da, qiymətlərin dalğalandığı dövrlərdə "intizamlı kapital planlaması və icrasının" vacib olduğunu vurğulayıb. Ər-Riyad artıq bəzi layihələri təxirə salır və bəzilərinin icrasını uzadaraq xərcləri tənzimləməyə çalışır.
Buna baxmayaraq, ölkə 2030-cu il Expo və 2034-cü il FIFA Dünya Kuboku kimi böyük tədbirlər öncəsi infrastruktur planlarını vaxtında yerinə yetirmək üçün təzyiq altındadır.
Səudiyyə Ərəbistanı və OPEC+ üzvləri neft qiymətlərindəki enişə baxmayaraq hasilatı artırmağa davam edir. Bu ayın əvvəlində Səudiyyə Ərəbistanı və Rusiya da daxil olmaqla səkkiz OPEC+ ölkəsi hasilatı iyun ayı üçün gündəlik 411,000 barel artıracaqlarını açıqlayıb. Enerji konsaltinq şirkəti Rystad-dan Jorge León bu qərarı “şok” adlandıraraq qrupun strategiyasında dəyişiklik olduğunu bildirib.
