2025-ci il martın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 758,8 min nəfər təşkil edib. Onlardan 878,5 min nəfəri dövlət sektorunda, 880,3 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.
Muzdla işləyənlərin ən böyük hissəsi – 18,7 faizi təhsil sahəsində fəaliyyət göstərir. Bu sahəni 18,6 faizlə ticarət və nəqliyyat vasitələrinin təmiri, 13,7 faizlə sənaye, 8,5 faizlə səhiyyə və sosial xidmətlər izləyir. Digər sahələrdə isə paylar belə olub: tikinti – 6,5 faiz, dövlət idarəetməsi və müdafiə; sosial təminat – 6,4 faiz, nəqliyyat və anbar təsərrüfatı – 4,2 faiz, peşə, elmi və texniki fəaliyyət – 3,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 2,3 faiz, maliyyə və sığorta fəaliyyəti – 2,3 faiz. Qalan 14,9 faiz isə iqtisadiyyatın digər sahələrində çalışır.
Bu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz artaraq 1043,6 manat təşkil edib. Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində qeydə alınıb.