İtaliyanın tanınmış moda evi Prada, məşhur Versace brendini 1.25 milyard avroya (1.38 milyard dollar) Capri Holdings-dən satın almağa razılaşıb. Bu qərar bir neçə aylıq danışıqlardan və spekulyasiyalardan sonra, Trampın tətbiq etdiyi ticarət rüsumlarının bazarda yaratdığı qeyri-sabitlik səbəbilə danışıqların pozula biləcəyi barədə yayılan şayiələr fonunda gəldi.
İnsayder məlumatlarına görə, ilkin razılaşma 1.43 milyard avro dəyərində planlaşdırılmışdı. Lakin ticarət qeyri-müəyyənliyi və bazar çətinlikləri səbəbindən 180 milyon avro endirim edilib.
Capri Holdings – Michael Kors və Jimmy Choo brendlərinin də sahibi – Versace-ni 2018-ci ildə 2.1 milyard dollara almışdı. Keçən il Capri-nin Tapestry (Coach və Kate Spade brendlərinin sahibi) tərəfindən 8.5 milyard dollarlıq satın alınması ABŞ Federal Ticarət Komissiyası tərəfindən bloklandıqdan sonra, şirkət borc yükünü azaltmaq üçün Versace-ni satmaq təzyiqi ilə üzləşmişdi. Prada bu prosesdə ən erkən maraq göstərən şirkətlərdən biri olub.
Prada-nın icraçı direktoru və rəhbəri Patrizio Bertelli sövdələşməni təsdiqləyərək bildirib: “Qrupumuz Versace tarixində yeni bir səhifə yazmağa hazır və tam mövqedədir”. O əlavə edib ki, hər iki brend yaradıcılıq, sənətkarlıq və irsə olan bağlılıq baxımından ortaq dəyərləri bölüşür.
Bu alqı-satqı ilə Prada, Versace-ni də öz portfelinə əlavə edərək İtaliyanın moda sektorundakı gücünü daha da artırmaq niyyətindədir. Beləliklə, Prada və Miu Miu moda brendləri ilə yanaşı Church’s, Car Shoe, Luna Rossa ayaqqabı brendləri, America’s Cup yelkən komandası və Marchesi şirniyyat markası da bu qrupa daxil olacaq.
Qeyd edək ki, Prada 1999-cu ildə Jil Sander və Helmut Lang, 2000-ci ildə isə Alaia brendlərini almışdı, lakin 2007-ci ilə qədər bu brendlərlə yollarını ayırmışdı. Versace-nin alınması isə bu dəfə “Made in Italy” şüarı ilə qlobal bazarda daha geniş mövqe qazanmaq üçün yeni bir fürsət yaradır.
Lüks moda sektoru son dövrlərdə durğunluq yaşasa da, Prada Group 2024-cü ildə 5.4 milyard avro gəlir əldə edib ki, bu da ötən illə müqayisədə 17% artım deməkdir. Bu artımda Miu Miu brendinin rolu böyük olub – viral miniyubkalar və atlas balet ayaqqabıları ilə tanınan brend bu il demək olar ki, satışlarını ikiqat artıraraq 1 milyard funt sterlinqə yaxın gəlir əldə edib.
Keçən ay Versace-də də dəyişiklik baş verdi: 27 ildir yaradıcı direktor vəzifəsini icra edən Donatella Versace bu postu keçmiş Miu Miu imic direktoru Dario Vitale-yə təhvil verib. Donatella isə bundan sonra brendin qlobal səfiri kimi fəaliyyət göstərəcək və xeyriyyə işlərini, eləcə də qırmızı xalça stilini nəzarətdə saxlayacaq.
Prada və Versace tez-tez rəqabətçi brendlər kimi qiymətləndirilsə də, dizayn baxımından bir-birindən fərqlidirlər. Versace klassik və parlaq qadınlığın simvolu hesab edilən dizaynlara üstünlük verərkən, Prada-nın təsisçisi Miuccia Prada daha intellektual yanaşması və qeyri-adi materiallardan istifadəsi ilə tanınır. Bununla belə, iki dizayner arasında yaxın dostluq münasibətləri mövcuddur.
Bu satın alma, Prada-nın moda dünyasında daha da güclənmək və İtaliyanın qlobal səviyyədə lider brendi kimi mövqeyini möhkəmləndirmək istiqamətində atdığı mühüm addımlardan biri kimi qiymətləndirilir.