Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində”, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunlara edilən dəyişikliklərin tətbiqini təmin etmək məqsədilə Fərman imzalayıb.
Fərmanda 2025-ci il 11 aprel tarixli, 175-VIIQD nömrəli Qanunun icrasına dair bir sıra mühüm müddəalar əks olunub. Qanunun tətbiqi ilə bağlı aşağıdakı əsas dəyişikliklər nəzərdə tutulur:
Hüquqi şəxslərin qeydiyyatı ilə bağlı səlahiyyətlər:
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda nəzərdə tutulmuş bəzi səlahiyyətlər birbaşa Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçiriləcək. Qeyri-hökumət təşkilatları, kommersiya hüquqi şəxsləri və dini qurumlara münasibətdə isə aidiyyəti üzrə Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi (Dövlət Vergi Xidməti) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi səlahiyyətli orqan kimi müəyyən olunub.
Maliyyə Monitorinqi Xidmətinin funksiyaları genişlənir:
Fərmana əsasən, Maliyyə Monitorinqi Xidməti hüquqi şəxslərin benefisiar mülkiyyətçiləri barədə reyestr məlumatlarını yoxlamaq səlahiyyətinə malik olacaq.
Nazirlər Kabinetinə tapşırıq:
Nazirlər Kabinetinə Maliyyə Monitorinqi Xidmətinin işçi sayının dəyişdirilməsi ilə bağlı təkliflər hazırlamaq və yeni qanunvericilik dəyişikliklərindən irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Əvvəlki fərmanlara dəyişiklik:
2004 və 2018-ci illərə aid müvafiq Prezident fərmanlarında texniki və məzmun dəyişiklikləri aparılacaq.
Bu dəyişikliklər hüquqi şəxslərin şəffaflığının artırılması, maliyyə təhlükəsizliyinin gücləndirilməsi və idarəetmədə daha səmərəli mexanizmlərin tətbiqi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.