Az | EN

"Influencer"in reklam xidmətləri haqqında qanun təsdiqlənib

Cəmil Hüseynzadə
22 May 2025 23:25
42 baxış
"Influencer"in reklam xidmətləri haqqında qanun təsdiqlənib

Azərbaycan Respublikasının Milli Məclisi istehlakçıların hüquqlarının qorunması və rəqəmsal reklam fəaliyyətlərinin tənzimlənməsi məqsədilə bir sıra mühüm qanunlara dəyişikliklər edib. Qanunvericilik islahatları 2025-ci il 22 may tarixində Milli Məclisin plenar iclasında qəbul olunub.

Qəbul edilən dəyişikliyə əsasən, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Reklam haqqında” qanunlara əlavə və düzəlişlər edilib. Dəyişikliklərin əsas məqsədi rəqəmsal platformalarda aparılan reklam fəaliyyətini hüquqi çərçivəyə salmaq və şəffaflığı təmin etməkdir.

Yeni düzəlişlərə əsasən:

  • Rəqəmsal platforma təsirçisi (influencer) anlayışı qanunvericiliyə daxil edilib. Belə şəxslər reklam yayımı zamanı reklamın “reklam”, “sponsorluq” və ya “tərəfdaşlıq” olduğunu açıq şəkildə göstərməlidirlər.
  • Rəqəmsal platformalarda reklam edilən məhsul və xidmətlər yalnız müvafiq lisenziya və sertifikatlar olduqda təqdim edilə bilər. Bu sənədlərin məlumatları reklamda göstərilməli və ya həmin məlumatlarla tanışlıq üçün imkan yaradılmalıdır.
  • Reklamda məhsul haqqında verilən məlumat aydın və başa düşülən formada olmalı, əgər məhsul haqqında əlavə məlumat üçün keçidlər və ya qısa nömrələrdən istifadə edilirsə, bu məlumat əsas reklamla ziddiyyət təşkil etməməlidir.
  • Rəqəmsal platforma təsirçilərinə özlərinin istifadə etmədiyi məhsulu istifadə etmiş kimi təqdim etmək və ya saxta hesablarla reklam yaymaq qadağan edilir.
  • Rəqəmsal reklam fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslər barədə ətraflı məlumat (ad, ünvan, VÖEN, əlaqə vasitələri və s.) təqdim olunmalıdır.

Həmçinin, “Reklam haqqında” qanuna edilmiş dəyişikliklərlə rəqəmsal platformalar da artıq rəsmi reklam daşıyıcısı statusuna malik olur. Bu dəyişikliklər reklam bazarında daha şəffaf, ədalətli və məsuliyyətli mühitin formalaşmasına xidmət edəcək.

Məlumat üçün qeyd edək ki, bu dəyişikliklər Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 26-cı bəndlərinə uyğun olaraq həyata keçirilib.

© copyright 2022 | tech.az | media@tech.az