Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yeni təyinat olub.
Hümbətov Samir Hümbət oğlu 2025-ci il 22 aprel tarixindən etibarən Agentliyin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.
Samir Hümbətov 1978-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2004-cü ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. O, həmçinin İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun dissertantıdır.
2002-2017-ci illərdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunda məsləhətçi, aparıcı məsləhətçi və şöbə müdiri vəzifələrində çalışmış Samir Hümbətov, 2018-ci ildə Azərbaycan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətində İdarə Heyəti sədrinin müşaviri və şöbə rəisi vəzifələrini icra edib. 2019-2021-ci illərdə isə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini olub.
Samir Hümbətov dövlət qulluğunda göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib və dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsinə layiq görülüb.
2021-2025-ci illərdə KOBİA-nın İdarə Heyəti sədrinin müavini kimi fəaliyyət göstərən Samir Hümbətov yeni təyinata qədər bu vəzifəni icra edib.
O, evlidir və bir övladı var.
