ABŞ-nin prezidenti Donald Tramp mayın 13-də Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərini əhatə edən rəsmi səfərə başlayacaq. Səfər zamanı əsas müzakirə mövzuları arasında İsrail-Qəzza atəşkəsi, ticarət və sərmayə müqavilələri, neft qiymətləri və yüksək texnologiyalar – xüsusilə süni intellekt və nüvə proqramları olacaq.
Tramp administrasiyası, süni intellekt çiplərinin ixracına dair məhdudiyyətləri yumşaldacağını və ABŞ-ın innovasiya liderliyini təmin etməyi hədəflədiyini açıqlayıb. Bu, Körfəz ölkələrinin – xüsusilə BƏƏ və Səudiyyə Ərəbistanının – süni intellekt sahəsində ABŞ-la daha sıx əməkdaşlıq etməsi üçün fürsət yarada bilər.
Səfər çərçivəsində Tramp həmçinin İranla nüvə danışıqlarını davam etdirməyi, Səudiyyə Ərəbistanına mülki nüvə proqramı üçün dəstək verməyi və İsrail-Qəzza münaqişəsinin həllinə yönəlmiş təkliflərini təqdim etməyi planlaşdırır. ABŞ-ın Qəzzaya nəzarət iddiaları isə ərəb dünyasında narahatlıqla qarşılanır.
Səudiyyə Ərəbistanında keçiriləcək ABŞ-Körfəz sərmayə forumunda “BlackRock”, “Palantir”, “IBM”, “Alphabet” kimi nəhəng şirkətlərin rəhbərləri də iştirak edəcək. Tramp administrasiyası Körfəz ölkələrinə iqtisadi və texnoloji sahələrdə yeni imkanlar təklif edəcəyini bildirir.
Trampın Körfəz səfəri həm yeni razılaşmalar, həm də mübahisəli geosiyasi açıqlamalarla müşayiət oluna bilər.