Qırğızıstanın aparıcı banklarından biri olan DemirBank və Özbəkistanın qabaqcıl rəqəmsal maliyyə qurumu Uzum Bank, Mərkəzi Asiya regionunda birgə fəaliyyətə başlamaqla strateji tərəfdaş olduqlarını elan ediblər.
Tərəfdaşlığın məqsədi – regionun əhalisi üçün daha rahat, texnoloji və təhlükəsiz maliyyə xidmətləri yaratmaqdır. Banklar sərhədlərarası sürətli və rahat pul köçürmələri, rəqəmsal xidmətlərin genişləndirilməsi və müştərilərlə asan ünsiyyət üçün şəraitin formalaşdırılması kimi sahələrdə sıx əməkdaşlıq edəcəklər.
DemirBank-ın İdarə Heyəti sədrinin müavini Hasan Ufuk Dinç açıqlamasında bildirib:
“Uzum Bank ilə bu yola birlikdə çıxmaqdan məmnunuq. Bu sadəcə razılaşma deyil, gələcəyə yönəlmiş birgə strateji addımdır. Rəqəmsal gələcək üçün birlikdə real dəyər yaratmaq və Mərkəzi Asiyanın maliyyə ekosistemini inkişaf etdirmək niyyətindəyik.”
Uzum Bank-ın İdarə Heyəti sədrinin müavini Pavel Korzik isə bildirib:
“DemirBank ilə tərəfdaşlıq, fintex sahəsində qabaqcıl təcrübə və bilik mübadiləsinə imkan yaradacaq. Bu əməkdaşlıq yalnız Qırğızıstan və Özbəkistan deyil, bütövlükdə region üçün yeni maliyyə məhsulları və istifadəçi təcrübəsində keyfiyyətli dəyişikliklərə səbəb olacaq.”
Bu əməkdaşlıq, Mərkəzi Asiyada rəqəmsal bankçılığın inteqrasiyasını və regionlararası maliyyə əlaqələrinin möhkəmləndirilməsini hədəfləyir.