Bu məqalə süni intellektlə yazılmayıb.
TikTok yalnız sosial media dünyasını və gündəlik vərdişlərimizi deyil, eyni zamanda marketinq və satış sahəsini də köklü şəkildə dəyişdi. TikTok-un asan virallıq yaradan alqoritmi satışların artmasına və məhsulların rahat tanıdılmasına şərait yaratdı. Platforma bütün yaş qrupları arasında çox populyardır. Bunun əsas səbəbi onun istifadəsinin çox rahat olmasıdır — sadəcə ekranda sürüşdürmək kifayətdir. Hər yaş kateqoriyası üçün müxtəlif məzmunlar mövcuddur. Kontentlər isə çox qısa və anlaşılandır.
Bir çox böyük brendlər bu fürsətdən ağıllı şəkildə istifadə edirlər. Bu brendlər arasında Stanley xüsusi yer tutur. Mənim “Adi termosdur da” dediyim bu markanın məhsullarının alıcılar market önündə onu almaq üçün çadırı qurub yatırlar. Bəli, bu həqiqətdir. Buna səbəb məhsulun TikTok sayəsində çox populyarlaşdı. “Adi termoslar” o qədər məşhur oldu ki, Stanley markasının illik gəliri 10 dəfədən çox artdı. Belə ki, şirkətin 2019-cu ildə 73 milyon dollar olan illik gəliri 2023-cü ildə 750 milyon dollara çatdı. Bu inanılmaz artımın əsas səbəbi məhz TikTok-dur.
Stanley necə məşhurlaşdı?
Stanley TikTokda #Watertok icması tərəfindən populyarlaşdırıldı. Bu icma sağlam həyat tərzinə önəm verən, təbiətə dost yanaşan və su içməyi vərdişə çevirmiş insanlardan ibarətdir. Belə ki, markanın məhsulları təbiətdostu və keyfiyəətli olduğu üçün icma üzvləri arasında populyar məhsul idi. Amma hər kəs ondan ehtiyacı olduğu üçün istifadə etmir. "Pop culture" trendinə çevrilən məhsullar insanlar arasında sürətlə yayıldı. Məşhurlaşdı. Bu o qədər sürətli oldu ki, Stanley insanların bir ehtiyacına çevrildi. Stanley ehtiyacdan daha çox status göstəricisi oldu.
Necə gəlirlər yüksəldi?
Stanley termoslarının satış partlayışı bir neçə viral video ilə başladı. Məsələn, bir istifadəçi avtomobil yanğını sonrası Stanley termoslarının içindəki buzun ərimədiyini göstərən video paylaşdı. Bu video sonradan viral oldu və milyonlarla baxış topladı. Təbii ki, Gen Z-nin də ən sevdiyi məhsullardan birinə çevrildi.
Video 97 milyon izlənmə sayına çatıb. Hətta bir istifadəçi müxtəlif dizaynlarla onlarla termos alıb. Videoda onları geyiminə uyğun olan şəkildə istifadə etdiyini bildirir.
Bunu mütləq almalısan!
Stanley-nin əsas strategiyalarından biri də budur. Şirkət məhsullarının daha çox satılması üçün müxtəlif kolleksiyalar yaratdı və onların məhdud sayda olduğunu açıqladı. Bunu isə TikTok influenserləri vasitəsilə alıcılara çatdırdı. Bu uğurlu strategiya nəticəsində məhsullar inanılmaz sürətlə satıldı. Xüsusilə şirkətin Starbucks ilə etdiyi əməkdaşlıqla təqdim etdiyi kolleksiya üçün insanlar mağazalar önündə növbələr yaratmışdı. ABŞ-da TikTok istifadəçiləri Target supermarketinin avtodayanacağında Starbucks-a məxsus xüsusi buraxılışlı Stanley qabını əldə etmək üçün gecəni orada keçirmişdilər. Mintel agentliyinin araşdırmasına görə, Z nəsli istifadəçilərinin 86%-i sosial mediada gördükləri paylaşımların geyim və aksesuar seçimlərinə təsir etdiyini bildirir. Amerikalı müğənni Olivia Rodrigo da GQ jurnalına müsahibəsində TikTok-da gördükdən sonra Stanley qabı aldığını etiraf edib:
“Elə bildim həyatımı dəyişəcək, ona görə almalıyam.”
Bəlkə də bütün sirr CEO-dadır?
Bu ayaqqabılar yəqin ki, sizə tanışdır. Biz ona "Şəpşəpi" deyirik. Rayondakı mağazamızda bunu 2-3 manata satırdıq. O vaxt mənə çox mənasız ayaqqabı kimi gəlirdi. Önübağlı mənasız ayaqqabı. İndi ona "Crocs" deyirlər. Trenddir. Bunula az qala toya gedə bilərsən.
Stanley uğurunun böyük bir hissəsi şirkətin prezidenti Terence Reilly ilə əlaqələndirilir. O, 2020-ci ildə Stanley-ə qoşulmazdan əvvəl Crocs şirkətində baş marketinq direktoru olub və orada da oxşar uğura imza atıb. Onun rəhbərliyi ilə Crocs gülünc sayılan ayaqqabılardan cəsarətli dəb simvoluna çevrilib.
#StanleyCup heşteqi platformada 6 milyarddan çox izlənmə yığıb. Bu TikTok-un nə qədər önəmli olduğunun bir göstəricisidir. İnsanlarda məhsula qarşı istək yaratmaq, onu bir ehtiyaca çevirmək görünyü qədər çətin deyil. Sadəcə doğru strategiya qurmaq lazımdır. Stanley bunu çox yaşxı bacarıb.
Cəmil Hüseynzadə